Xəzər rayonunun Binə qəsəbəsində hazırda ümumi sahəsi 160 min kv. m-dən çox olan küçə və yollarda təmir-tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, təmir-tikinti işləri əsasən qəsəbə və yaşayış məntəqələrində vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Belə ki, ümumi uzunluğu 10,5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluqları 2 km-ə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə anoloji işlərin uzunluqları 9 km-dən artıq olan Binə Südçülük sovxozu və “Binə aqrokompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2,5 km uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla enləri 6-7 metr təşkil edir.
Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu aparılaraq yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür.
İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.