• İQTİSADİYYAT

    17:45 27 mart 2019

Binəqədidə bir sıra yol və küçə təmir edilir

Binəqədi rayonu ərazisində ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda təmir-bərpa işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, hazırda təmir-bərpa işləri rayonun Binəqədi, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrində aparılır. Sözügedən qəsəbələri əhatə edən 12 km-dən çox küçə və yolların 100 min kv.m-ə yaxın sahəsini əhatə edir.

Bu Binəqədi qəsəbəsində 1-ci mədən və 2-ci mədən küçələri, 2-ci mədən küçəsinin 70-92-ci korpuslarını əhatə edən yolları, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi və bu küçəyə paralel qəsəbədaxili yolun, həmçinin 28 may qəsəbəsinin daxili yollarıdır.

Burda küçə və yollar boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Binəqədi rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Misal olaraq Binəqədi qəsəbəsi Cəfər Cabbarlı, Firdovsi Vəliyev küçələrini, Biləcəri qəsəbəsi Teymur Yaqubov, Ələkbərov və Haşimi küçələrini, həmçinin qəsəbədaxili və məhləarası yolları göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri davam etdiriləcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR