Bu gün Trans-Anadolu qaz kəmərinin (TANAP) istifadəyə verilməsinin bir ili tamam olur. Bu müddət ərzində sözügedən kəmər vasitəsilə 1,8 mlrd. kubmetr qaz nəql edilib. "APA-Economics"in "Anadolu Ajansı"na istinadən verdiyi məlumata görə, 2021-ci ildə TANAP-la Türkiyəyə 6 mlrd. kubmetr qaz nəql ediləcək.
Qeyd edək ki, cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.
Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 mlrd. kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 mlrd. kubmetr təbii qaz isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.