ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda satışa çıxarılacaq paylarının AÇG səhmdarları tərəfindən alınacağı təqdirdə paylar tenderdə iştirak edən şirkətlər arasında proporsional qaydada bölüşdürüləcək. Bu barədə ONA-ya BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, ümumi sxem ondan ibarətdir ki, AÇG səhmdarları birgə danışıqlar aparır və paylara sahib olurlar. Bundan sonra şirkətlər proporsional şəkildə layihədəki paylarına uyğun olaraq alınan səhmlərə yiyələnə biləcəklər.
Keçən həftə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirmişdi ki, SOCAR-ın AÇG blokunda payının artırması qiymətdən və kommersiya şərtlərindən asılıdır: “Niyyətimiz bu payı tərəfdaşlarla birgə almaqdır”.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki payını (6,79%), "Chevron” şirkəti isə həm sözügedən layihədəki (9,57%), həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki paylarını (8,9%) satmaq niyyətində olduğunu bildiriblər.
Hazırda AÇG-də iştirak edən şirkətlərin payı: BP (operator – 30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%).
Qeyd edək ki, 2018-ci ildə AÇG üzrə fəaliyyətlərə təqribən 505 mln. dollar əməliyyat məsrəfləri və 1,15 mlrd. dollar əsaslı məsrəflər xərclənib.
Ötən il ərzində AÇG-də 29 mln. ton neft hasil edilib.