• İQTİSADİYYAT

    12:18 30 may 2019

BP gələn il "Şahdəniz"də kəşfiyyat işləri aparacaq

BP şirkəti gələn il "Şahdəniz" yatağında kəşfiyyat işləri aparacaq.

ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağının dərin perspektiv strukturlarını qiymətləndirmək üçün gələn il bir sıra kəşfiyyat işləri planlaşdırılır: "Oradakı ehtiyatların potensialı trilyonlarla kubfut həcmindədir və hazırda 2020-ci ildə burada qazma işlərinin başlanması planlaşdırılıb”.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Xatırladaq ki, 2018-ci ildə "Şahdəniz" yatağından ümumi qaz hasilatının 100 mlrd. kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR