Azərbaycanda "Şahdəniz" yatağını işlənilməsinin üçüncü mərhələsinin həyata keçirilməsi barədə hələ heç bir danışıqlar aparılmır. Bunu ONA-ya BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, hazırda bütün diqqət "Şahdəniz-2" layihəsinin reallaşdırılmasına və Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin yaradılmasına yönəldilib. Hazırkı mərhələdə "Şahdəniz-2" çərçivəsində hasilatın artırılması prosesi gedir.
"Hələ ki, “Şahdəniz-3” ilə bağlı heç bir danışıqlar aparılmır. Bütün diqqət “Şahdəniz-2" layihəsinin həyata keçirilməsinə, Cənub Qaz Dəhlizinə yönəlib", - deyə B. Aslanbəyli qeyd edib.
Xatırladaq ki, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda "Şahdəniz" yatağını işlənilməsinin üçüncü mərhələsinin həyata keçirilməsi böyük bir ehtimal var.
"Layihənin konsepsiyası hələ mövcud deyil. Lakin, razılıq var, müəyyən işlər aparılır. Geoloji işlərə də başlanılıb, hansılar ki, yatağın işlənilməsinin növbəti fazasını nəzərdə tutur. İnvestisiyalarla bağlı qərar hələ verilməyib", - deyə V. Əliyev bildirib.
Qərarın verilməsi müxtəlif səbəblərdən asılı ola bilər – texniki məsələlər, kommersiya danışıqları, investisiyaların həcmi, qazın satışı məsələləri, infrastrukturun genişləndirilməsi və s. Üçüncü faza üzrə söhbət əlavə 300-500 mlrd. kubmetr qazdan gedir.
"İnanmıram ki, 2019-cu ildə bu barədə qərar qəbul oluna bilər", - deyə V. Əliyev əlavə edib.