"BP Azerbaijan" şirkətinin Türkiyədəki nümayəndəliyin rəhbəri vəzifəsinə 1 may 2019-cu il tarixindən Co Mörfi təyin olunub. Bu barədə ONA-ya "BP Azerbaijan" şirkətindən bildirilib. Co Mörfi Ankarada işləyəcək və BP Azərbaycan Gürcüstan Türkiyə regionunun prezidenti Qari Counza tabe olacaq.
Türkiyədəki nümayəndəliyin rəhbəri kimi, Co BP şirkətinin ölkədəki baş nümayəndəsi olacaq və BP-nin ölkədəki bütün biznes bölümləri adından partnyorlar, hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə Türkiyədə BP-nin strategiyasının həyata keçirilməsinə dəstək verəcək. Bundan əlavə, o, Cənub Dəhlizi üzrə vitse-prezident kimi hazırkı vəzifələrini yerinə yetirməkdə davam edəcək və Şahdəniz yatağının işlənməsinə və ilk dəfə olaraq Xəzər dənizindən Avropaya təbii qazın çatdırılmasını təmin edəcək 40 milyard dollarlıq Cənub Dəhlizi layihəsinə rəhbərlik edəcək.
Bundan başqa, Brayan MakLeod 1 aprel 2019-cu il tarixindən etibarən Azərbaycan Gürcüstan Türkiyə (AGT) regionunda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bu yeni vəzifəsində Brayan Əməyin təhlükəsizliyi və əməliyyat riskləri qrupuna rəhbərlik edəcək və Əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə Apstrim və AGT regional rəhbərlik qruplarının üzvü olacaq.