Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), BP şirkəti və “British Council” Azərbaycan ofisi arasında ADNSU-nun müəllim və tələbələrinə intensiv ingilis dili təliminin keçirilməsinə dair sənəd imzalanıb. Sənədi ADNSU-nun rektoru Mustafa Babanlı, BP-nin Əlaqələr, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “British Council”un Azərbaycan ofisinin direktoru Samr Şah imzalayıblar.
ONA-nın məlumatına görə, layihə üzrə 90 müəllimə və 200 tələbəyə intensiv ingilis dili üzrə təlim keçiriləcək. Layihə bir il ərzində reallaşdırılacaq.
Tədbir zamanı B. Aslanbəyli qeyd edib ki, layihə neft-qaz sahəsində təhsil alan tələbələrə geniş imkanlar açacaq, onlara texniki ingilis dilinə yiyələnmək və yeni bilikləri əldə etmək imkanı verəcək.
Öz növbəsində ADNSU-nun rektoru Mustafa Babanlı alı təhsilin keyfiyyətinin yüksəldilməsi işində qabaqcıl dünya təcrübəsinin öyrənilməsinin önəmini qeyd edərək bunun üçün professor-müəllim heyətinin və tələbələrin xüsusilə ingilis dilinə yüksək səviyyədə yiyələnmələrinin vacibliyini vurğulayıb.