Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 1 503 197 ton tranzit Türkmənistan nefti nəql edilib. Bu barədə ONA-ya SOCAR-dakımənbə bildirib.
Keçən ilin yanvar-aprel aylarında isə BTC ilə 2 009 000 ton tranzit nefti (mənşəyi qeyd edilmir) nəql edilib.
Mənbə qeyd edib ki, hazırda BTC kəməri vasitəsi ilə tranzit olaraq ancaq Türkmənistan nefti nəql edilir: “Bundan başqa, BTC ilə “Azəri-Çiraq-Günəşli” blokunda hasil edilən neft və Bakı-Novorossiysk kəməri üçün nəzərdə tutulan neft nəql edilir”.
Onun sözlərinə görə, aprel ayında BTC ilə 338 201 ton Türkmənistan nefti daşınıb.
Qeyd edək ki, BTC əsas ixrac neft boru kəməri Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqlini həyata keçirir. BTC 2003-cü ilin II rübündən 2005-ci ilin aprel ayına qədər inşa edilib. Kəmərin uzunluğu 1 768 kilometrdir. Boru kəmərinin diametri 46/42/34 düymdür. Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir.