5G mobil texnologiyasının gələcək inkişafı ilə bağlı qərarın bu ilin sonu veriləcəyi gözlənilir. Bu barədə ONA-ya Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional şöbəsinin rəhbəri Kirill Oparin deyib.
Onun sözlərinə görə, 5-ci nəsil rabitə texnologiyasının inkişafı bir çox mobil rabitə operatorunun maraq dairəsindədir. “Tezliklə bağlı məsələyə gəldikdə isə, bununla mobil rabitə və televiziya operatorları arasında böyük rəqabət mövcuddur. Bu tezliklər hər iki tərəfə lazımdır və mövcud məsələyə dair qərar bu ilin sonuna gözlənilir”, - deyə K. Oparin bildirib.
K. Oparinin sözünə görə, tezliklərə dair bütün qərarlar BTİ səviyyəsində həll olunur. O əlavə edib ki, bu qurum tərəfindən dörd ildən bir radiorabitəyə dair konfrans keçirilir və bu il belə bir tədbirin noyabrda Misirdə keçirilməsi nəzərdə tutulub.
“Hazırda dünyada mövcud olan tezlik diapazonu üzrə ümumi cədvəl hazırlanır. Cədvəldə mobil rabitə, televiziya, peyk rabitəsi, hava məkanı, dəniz və digər sahələrdə istifadə olan tezliklər öz əksini tapacaq. Onların gələcəkdə hansı sahələrdə istifadə olunacağına dair müzakirələr Dünya Radiorabitə Konfransında aparılacaq və müvafiq qərarlar qəbul olunacaq”, - deyə K.Oparin qeyd edib.