Qax Damazlıq İpəkçilik Stansiyasında Çin Xalq Respublikasından aprelin sonunda Azərbaycana gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən baramaçılığın inkişafı ilə bağlı mühüm Fərmanlar imzalanıb, qərarlar verilib və Dövlət Proqramı qəbul edilib: “Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər nəticəsində son illərdə bu sahə üzrə ciddi artım qeydə alınıb. 2016-cı ildə 74 ton, 2017-ci ildə 240 ton, 2018-ci ildə 514 ton yaş barama istehsal olunub. Cari ildə 800 ton yaş barama istehsalı planlaşdırılır. Bu il dövlət büdcəsi hesabına Çindən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib. Bu gündən etibarən ipək qurdları kümçülərə paylanılacaq. Bizim əsas məqsədimiz kümçülərə, bu sahədə çalışan fermerlərə kömək etməkdir. Biz bütün sahələrdə olduğu kimi kümçülərimizin yanında olmalıyıq. Bu il Azərbaycanda ilk dəfə olaraq 42 ipəkçi mütəxəssis mütəmadi olaraq ipəkqurdlarının bəslənməsi prosesi dövründə kümçülərə yardım edəcək, onlara məsləhət və tövsiyələr verəcək. Baramaçılıqda yeni texnologiya, yeni metodlar yarandığı üçün çinli mütəxəssislər də treninqlərdə iştirak edəcək”.
Qeyd edək ki, ölkəyə gətirilən toxumların 16 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3 125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. 10 günlük inkubasiya dövrü başa çatdığından bu gündən etibarən əldə olunmuş ipək qurdlarının 38 rayonun 5000-ə yaxın kümçüsünə bölgü əsasında əvəzsiz olaraq paylanılmasına başlanılıb. Prosesin may ayının birinci on günlüyünə qədər başa çatdırılması nəzərdə tutulur.
Bu il Azərbaycanda ilk dəfə olaraq yüksək və keyfiyyətli məhsulun alınması üçün 42 ipəkçi mütəxəssislə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, mütəxəssislər mütəmadi olaraq ipəkqurdlarının bəslənməsi prosesi dövründə kümçülərə yardım edəcək, onlara məsləhət-informasiya xidməti göstərəcək, öz tövsiyələrini verəcək. Mütəxəssislər kümxanada temperatur, nəmlik rejiminin düzgün saxlanılması və ipəkqurdunun sarma prosesinin aktiv surətdə həyata keçirməsi prosesinə nəzarət edərək yüksək və keyfiyyətli məhsulun alınmasına şərait yaradacaq.
Təsərrüfatların mütəxəssis nəzarətindən kənar qalmaması və bu prosesin şəffaf həyata keçirilməsi məqsədilə qeydiyyat jurnalı hazırlanıb. Qeydiyyat jurnalında mütəxəssislərin baş çəkdikləri təsərrüfatlar barədə məlumatlar və tövsiyələr yer alacaq. Kümçülər isə öz növbəsində mütəxəssislərin təsərrüfatlarda olmasını öz imzaları ilə təsdiqləməlidir. Bu, ipəkçi mütəxəssislərin öz vəzifələrini layiqli yerinə yetirməsinə nəzarət məqsədi daşıyır. Eyni zamanda, ipəkçi mütəxəssislərin qeydləri Nazirlik tərəfindən təhlil olunacaq.
Qeyd edək ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.
Xatırladaq ki, bu ilin 16-23 aprel tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və “Azəripək” MMC-nin direktoru Nizami Qəribov Çin Xalq Respublikasında səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən super elit, elit, hibrid ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçiriblər. Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı vasitəsi ilə aprelin 23-də ölkəmizə gətirilib.