Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 60-a yaxın mənzil-tikinti kooperativinin (MTK) sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Ümumilikdə həmin mənzillərə dair 2 500-dən çox elektron çıxarış hazırlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə bildirilib.
Azərbaycan Prezidentinin 29 mart 2019-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçib. Bununla da təkrar qeydiyyat tam olaraq elektronlaşdırılır, vətəndaş-məmur ünsiyyətini minimuma enir, əmlakın qeydiyyatı sadələşir.
Məlumatda bildirilir ki, artıq ölkədə 50 mindən çox elektron çıxarış hazırlanıb.