Bu ilin yanvar-mart aylarında Azexport.az portalına 178,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, bu ilin mart ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 mln. dollar təşkil edib.
"Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,5%), Türkiyə (9,9%), ABŞ (7%), Hindistan (6,6%) və Gürcüstan (5,3%) qərarlaşıb. Cari ilin mart ayında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və s. mallara daxil olub", - deyə R. Hüseyn qeyd edib.
Mərkəzin departament rəhbəri onu da vurğulayıb ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 mart tarixinədək (27 ay ərzində) Azexport.az portalına dünyanın 126 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 167,5 mln. dollar təşkil edib.
"Bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,9 mln. dolları olub. 2019-cu ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 30,5 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib", - deyə R. Hüseyn bildirib.