• İQTİSADİYYAT

    15:46 31 may 2019

Bu il "Azexport.az" portalına 229 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub

Bu ilin yanvar-aprel aylarında "Azexport.az" portalına 229 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 7,1 mlrd. dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 mlrd. dollar və ya 25,6% artıb.

"Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 mln. dollar olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 98 mln. dollar və ya 20% artıb", - deyə R. Hüseyn qeyd edib.

Mərkəzinin departament rəhbəri həmçinin bildirib ki, cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 mln. dollar, Türkiyəyə 148 mln. dollar, Gürcüstana 62 mln. dollar, İsveçrəyə 45 mln. dollar, İtaliyaya isə 22 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22%, Türkiyəyə 16%, Gürcüstana 19%, İsveçrəyə 13%, İtaliyaya isə 2 dəfə artıb.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 mln. dolları) liderlik edib. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 mln. dolları) ikinci və tomat (49,6 mln. dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 62 mln. dollar, pambıq lifi ixracı 58 mln. dollar, elektrik enerjisinin ixracı 45 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 32 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 24 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 mln. dollar, pambıq ipliyi ixracı 9 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 mln. dollar təşkil edib.

"2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 36%, meyvə-tərəvəzin ixracı 34%, kimya sənayesi məhsullarının ixracı isə 32% artıb", - deyə R. Hüseyn qeyd edib.

Mərkəzinin departament rəhbəri əlavə edib ki, 2019-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 167 mln. dollar təşkil edib. 2018-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 38 mln. dollar və ya 29% artıb. Cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (49,6 mln. dollar), Türkiyəyə (48,6 mln. dollar) və Gürcüstana (12 mln. dollar) ixrac edilib.

Cari ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (24 mln. dollar) birinci, daranmaya məruz qalmamış pambıq lifi (20,5 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (15 mln. dollar) üçüncü olub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR