• İQTİSADİYYAT

    16:31 13 may 2019

Bu il Səngəçal terminalından 70 mln. barelə yaxın neft və kondensat ixrac edilib

Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib.

ONA-nın BP-yə istinadən verdiyi məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 80 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln. kubmetrdir.

Rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 69 mln. bareldən çox neft və kondensat, o cümlədən 61 mln. bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 8 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Qeyd edək ki, qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 mln. kubmetr “Şahdəniz” qazı ixrac edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR