Bu ilin sonuna kimi Qazaxıstanda Azərbaycanın Ticarət Evinin açılması gözlənilir. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Onun sözlərinə görə, Qazaxıstan Azərbaycan şərab istehsalçıları üçün maraqlı bazardır, ona görə Azərbaycanın Qazaxıstanda açılacaq Ticarət Evi şərabın bu ölkəyə ixracının təşviqinə dəstək göstərəcək.
"Son 2 ildə biz bir sıra ölkədə ticarət və şərab evləri açmışıq. Bunlar sırasında Çin, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Latviya var. Bu ilin sonuna kimi bir sıra digər ölkələrdə və şəhərlərdə ticarət evlərinin açılışı planlaşdırılır", - deyə nazir müavini bildirib.
Ticarət evinin Xorvatiyada açılmasına fikir bildirən nazir müavini bildirib ki, ticarət evlərinin açılması daha çox özəl sektorun maraqlarından və onların birbaşa bu prosesdə iştirakından asılıdır.
"Özəl sektor tərəfindən Xorvatiyada Azərbaycan Ticarət Evinin açılması ilə bağlı müraciət daxil olsa, əlbəttə ki, bu məsələyə baxılacaq", - deyə nazir müavini qeyd edib.