Bu ilin yanvar ayında Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya ötən ilin yanvar ayı ilə müqayisədə 2,9% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4%-i Rusiya, 29,1%-i Gürcüstan, 11,2%-i Türkiyə, 5,4%-i İran, 4,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7%-i Ukrayna, 1,3%-i İraq, 17,3%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Onların 71,1%-ni kişilər, 28,9%-ni isə qadınlar təşkil edib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkəyə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5%), Gürcüstan (21,9%), Cənubi Koreya (15,2%) vətəndaşları arasında qeydə alınıb.
Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3% azalaraq 28,5 min nəfər olub.
2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9% artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2% azalaraq 67,2 min nəfər təşkil edib.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,8%-i dəmir yolu və avtomobil, 35,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artaraq 357,1 min nəfər olub. Ölkə vətəndaşlarının 35%-i İrana, 28%-i Gürcüstana, 20,9%-i Rusiyaya, 10,2%-i Türkiyəyə, 1,2%-i Ukraynaya, 1,1%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,6%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,1%-i kişilər, 31,9%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2%, Rusiyaya gedənlərin sayı 6,5%, Gürcüstana gedənlərin sayı 2,5% artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6% azalıb.
Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,9%-i dəmir yolu və avtomobil, 17,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.