Büdcə təşkilatlarının rəhbərləri mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə cərimə olunacaq.
ONA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) dəyişiklik təklif edilir. Təklif edilən dəyişikliyə əsasən, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunur.
Dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.
Məcəlləyə dəyişiklik Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.