Məlumat Hesablama Mərkəzinin (MHM) Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin ilk rübündə 9 832 ədəd elektron imza sertifikatları istifadəyə verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, bu sertifikatlardan 6 776-sı dövlət qurumlarının, 1 920-si hüquqi şəxslərin, 1 136-sı fiziki şəxslərin payına düşüb. Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 3 474 olub. Belə ki, 2019-cu ilin mart ayında dövlət qurumlarına 2 792, hüquqi şəxslərə 436, fiziki şəxslərə isə 246 e-imza sertifikatı verilib.
Ümumiyyətlə, elektron imza infrastrukturunun istifadəyə verildiyi gündən 2019-cu ilin 1 aprel tarixinədək 176 724 elektron imza sertifikatı istifadəyə verilib. Onlardan 98 044-ü dövlət qurumları, 43480-i hüquqi şəxslər, 35 200-ü fiziki şəxslər tərəfindən əldə olunub.
Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 35 931 171, hüquqi və fiziki şəxslər tərəfindən 10 214 657 olmaqla, ümumilikdə 46 145 828 autentifikasiya və e-imza əməliyyatı aparılıb. 2019-cu ilin birinci rübü ərzində isə aparılan əməliyyatların ümumi sayı 822 446 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 598 250, hüquqi və fiziki şəxslərin payına isə toplam 224 196 autentifikasiya və elektron imza əməliyyatı düşüb.