Dəmir yolu vasitəsilə yükdaşımaların həcmi cari ildə 600 min ton təşkil edəcəyi gözlənilir. ONA-nın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2017-ci ildə 27 min ton yük daşınıbsa, 2018-ci ildə bu rəqəm 287 min tona bərabər olub.
QSC-in sədri Bakı-Astara dəmir yolunun tikintisi məsələsinə toxunaraq, qeyd edib ki, bu layihənin maliyyələşdirilməsi ilə bağlı Dünya Bankına müraciət olunub.
"243 kilometr yolun maliyyələşdirilməsi ilə bağlı artıq vəsait ayrılıb. O cümlədən Salyan rayonu ərazisindən keçəndən yolun Lənkəranda dəniz kənarına çıxışı, xarici şirkətlər tərəfindən artıq layihələndirilir. Torpaq alınması məsələləri artıq başa çatdırılır. Bu ilin sonunadək bu işlər yekunlaşacaq və gələn ildən yolun həm kreditləşməsi, həm də yenidən qurulması üçün tədbirlər görüləcək", - deyə C. Qurbanov bildirib.