• İQTİSADİYYAT

    11:50 6 mart 2024

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə hazırlıq görülür

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının tikinti işlərinə bu ilin ikinci yarısında başlanacaq.

ONA xəber verir ki, bunu "Lightsource BP" şirkətinin ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Şeyn “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə keçirilən görüş zamanı bildirib.

“Şəfəq” layihəsi BP tərəfindən icra edilir. Stansiyanın tikintisi işləri "Lightsource BP" şırkəti tərəfindən hazırlanıb.

Aaron Şeynin sözlərinə görə, layihə çərçivəsində tikinti işlərin təxminən 18 ayadək davam edəcəyi gözlənilir.
ƏMSSTQ “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

Tədbir zamanı bildirilib ki, sənədin cari ilin mart ayında Azərbaycan Respublikası Ekologiya Nazirliyinə təqdim olunması, aprel ayında isə təsdiq olunması gözlənilir.

Qeyd edək ki, PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavatt dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR