Azərbaycanın magistral qaz kəmərləri vasitəsi ilə 2014-2018 illərdə 110,06 mlrd. kubmetr "mavi yanacaq" nəql edilib.
ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, magistral qaz kəmərləri nəql üzrə ən yüksək göstərici 2018-ci ildə qeydə alınıb və 23,49 mlrd. kubmetr təşkil edib.
Hesablamalara əsasən, magistral qaz kəmərləri ilə nəqletmənin 32,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri ilə həyata keçirilib və son beş il ərzində bu kəmər vasitəsilə 36 mlrd. kubmetrə yaxın artıq qaz ötürülüb.
Son 5 ildə Cənubi Qafqaz Boru Kəməri ilə qazın nəqli 29% artıb.
Magistral qaz kəmərləri ilə nəql üzrə göstəricilər:
|
2018-ci il |
2017-ci il |
2016-cı il |
2015-ci il |
2014-cü il |
2014-2018-ci illər |
Magistral qaz kəmərləri, mln kubmetr |
23 487,8 |
22 126,2 |
21 348,2 |
21 200 |
21 900 |
110 062,2 |
Cənubi Qafqaz Boru Kəməri, mln kubmetr |
8 386,2 |
7 314,2 |
7 145,1 |
6 650 |
6 500 |
35 995,5 |
Cənubi Qafqaz Boru Kəməri ilə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir. Bu kəmər vasitəsi ilə qazın nəqlinin artması “Şaxdəniz” yatağının ikinci fazasının işə düşməsi ilə birbaşa əlaqəlidir.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. ABŞ dollarından çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.
Xatırladaq ki, 2018-ci ildə "Şahdəniz" yatağından ümumi qaz hasilatının 100 mlrd. kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın sonunda əldə edilib.