• İQTİSADİYYAT

    17:33 30 may 2019

Dağlıq Şirvan iqtisadi rayonunun sahibkarlarına 1,2 mln. manat məbləğində güzəştli kreditlər verilib

Mayın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu Şamaxı rayonunda keçirib.

İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, forumda Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayon üçün prioritet hesab olunan sahələr kənd turizminin inkişafı, tingçilik müəssisələrinin, eləcə də üzümçülük, kartofçuluq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövründə 416 sahibkarın ümumi dəyəri 159,9 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 41,5 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində sahibkarların güzəştli kreditlərin alınması mexanizmi barədə sualları cavablandırılıb, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, üzümçülük, ayaqqabı istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR