Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun icrası ilə əlaqədar qanunun 43.1-ci maddəsinə “438.3,” rəqəmlərindən sonra “440-1,” rəqəmləri, 54.2-ci maddəsində “410.3,” rəqəmlərindən sonra “440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,” sözləri əlavə edilib.
Qanuna eyni zamanda 440-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə olunur.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə olunur.