Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur.
ONA-nın Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7, 10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq.
Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.
Qeyd edək ki, mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur.
Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı risklər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.
Elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirir. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə leqal əmlakların sayını artırır.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə daşınmaz əmlakın daha rahat yolla qeydiyyata alınması işi davam etdiriləcək.