“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası aprelin 15-dən 19-dək yeni formatda Şamaxıda təşkil olunacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, həftə ərzində rayonun 4 qəsəbəsində mobil qeydiyyat xidmətləri göstəriləcək.
Kampaniyanın keçirilməsində məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətin vətəndaşın yanında olması, qeydiyyat prosedurlarına olan əlçatanlığın artırılması, qeydiyyatda operativliyin yüksəldilməsidir. Yeni formatda təşkil olunan kampaniya Şamaxının müxtəlif qəsəbələrində keçiriləcək. Mobil qeydiyyat ofisləri aprelin 15-də Şəhriyar qəsəbəsində, 16-da Mədrəsədə, 17-də Əngəxaranda, 18-də Məlhəmdə, 19-da isə Nağaraxana qəsəbəsində olacaq. Kampaniyanın fərqli məkanlarda xidmət göstərməsinin əsas məqsədi bu qəsəbələrə yaxın ərazilərdə yaşayan sakinlərin də xidmətdən rahatlıqla yararlanmasının təmin edilməsidir.
Kampaniya zamanı, daşınmaz əmlakların qeydiyyatlı üçün ilkin sənədlər toplanır, fərdi yaşayış evləri qeydiyyata alınır, torpaq sahələrinin qeydiyyatı həyata keçirilir, həyətyanı torpaq sahələrinin qeydiyyatı aparılır, daşınmaz əmlakla bağlı müxtəlif arayışların verilməsi xidməti göstərilir və daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərin qəbulu həyata keçirilir. Kampaniya çərçivəsində hüquqi maarifləndirici aksiya da təşkil ediləcək.