• İQTİSADİYYAT

    14:01 15 mart 2019

Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatı onlayn qaydada almaq mümkündür

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Bu, “Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi” elektron xidməti sayəsində mümkündür.

Komitədən ONA-ya verilən məlumata görə, sözügedən xidməti tətbiq olunmaqla əhalinin qeydiyyatla bağlı işini sadələşdirir. Həmin elektron xidmətin vasitəsilə əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə, əmlakın ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur. Eyni zamanda, vətəndaşın ipoteka, girov, alqı-satqı, bağışlanma kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı da mövcuddur.

Bu xidmətdən istifadə etmək üçün Komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Daha sonra xidmət haqqı olaraq ödəniləcək məbləğ ekranda əks olunacaq. İstifadəçi “Kartın növü” sətrində xüsusi işarə vasitəsilə ödəniş edəcəyi elektron kartın növünü seçərək “Ödə” düyməsini seçməlidir

Qeyd edək ki, xidmətin istifadəsi üçün 10 manat xidmət haqqı nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir.

“Bu sərfəli xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Əmlak sahibi rahat və çevik şəkildə daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Bununla həm vətəndaş məmur münasibətləri minimuma enir həmdə insanların vaxt itkisi aradan qaldırılır”, - deyə Komitədə bildirilib.

Vətəndaşlar bu xidməti elektron qayda ilə yanaşı, Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə yerinə yetirə bilərlər. Bu zaman onlardan xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə və ərizə tələb olunur.

Adıçəkilən xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Belə ki, xidmət əmlakla bağlı əməliyyatlar edən zaman yarana biləcək nöqsanların aradan qaldırılmasına imkan verir.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR