Dövlət Gömrük Komitəsinin (DGK) media nümayəndələri üçün Şəkidə təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda üçgünlük təlim bu gün başa çatıb.
ONA xəbər verir ki, təlimin sonuncu günündə çıxış edən DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı əminliklə bildirib ki, təlim jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında mühüm rol oynayacaq.
Sonra G. Muradlı "Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti" adlı təqdimatla çıxış edərək gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində görülən işlər və nəticələr barədə danışıb.
Daha sonra təlimdə əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.