• İQTİSADİYYAT

    18:39 3 aprel 2019

“Diqlas”da yanğından zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası açıqlanıb

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nı təsdiqləyib.

ONA-nın məlumatına görə, Qaydalar aprelin 4-dən qüvvəyə minir.

Qaydaya əsasən, zərər çəkmiş sahibkarların müəyyən edilməsi məqsədilə ticarət mərkəzində fəaliyyət göstərən və yanğından zərərçəkmiş digər sahibkarların siyahısı və onlarla bağlanmış müqavilələr və ya digər təsdiqedici sənədlər icarəyə verən tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir. Təqdim edilmiş siyahıda zərər çəkmiş sahibkarın adı, soyadı, atasının adı, VÖEN-i, icarəyə götürdüyü ticarət obyekti barədə məlumatlar göstərilir və icarəyə verənin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Yanğından zərər çəkmiş sahibkarlara maddi yardım nağdsız qaydada ödənilir.

Zərər çəkmiş sahibkarlar maddi yardımın alınması üçün ərizə forması və şəxsiyyəti təsdiq edən sənəd ilə Nazirliyə müraciət edirlər. Ərizəyə icarəyə verənlə bağlanmış icarə müqaviləsinin surəti və ya digər təsdiqedici sənəd əlavə edilir. Maddi yardımı almaq hüququ olan şəxsin özü müraciət edə bilmədikdə, onu təmsil edən nümayəndə bu Qaydada nəzərdə tutulmuş sənədlərlə yanaşı notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim edir. Ərizəçi ərizə formasını əldə edə bilmədikdə, Nazirliyin səlahiyyətli işçisi ona ərizə formasını təqdim edir və ərizənin doldurulması qaydasını izah edir.

Nazirlikdə zərər çəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün yaradılmış İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi üçün müraciət etmiş ərizəçilərin məlumatları icarəyə verən tərəfindən təqdim edilmiş məlumatlara uyğunluğu yoxlanılır. Ərizənin düzgün tərtib olunduğu və sənədlərin tələb olunan qaydada təqdim edildiyi halda İşçi Qrupu tərəfindən protokolla rəsmiləşdirilir və ərizəçiyə protokoldan verilir. Çıxarışın verilməsi maddi yardımın köçürülməsinə əsasdır. Ərizəçi haqqında məlumatlar icarəyə verən tərəfindən təqdim edilmiş siyahıda olmadıqda, siyahıdakı məlumatlara uyğun gəlmədikdə, icarəyə verən ilə bağlanmış icarə müqaviləsi və ya digər təsdiqedici sənəd olmadıqda İşçi Qrupu tərəfindən sahibkar və icarəyə verənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ şəkildə araşdırma aparılır. Araşdırmanın nəticəsi müsbət olduqda İşçi Qrupu tərəfindən maddi yardımın verilməsi barədə qərar protokolla rəsmiləşdirilir və ərizəçiyə çıxarış verilir. Maddi yardımın ödənilməsi üçün əsas müəyyən edilmədikdə müraciət etmiş ərizəçiyə maddi yardımın ödənilməsindən imtina olunur. Maddi yardımın ödənilməsindən imtina barədə qərar İşçi Qrupunun protokolu ilə rəsmiləşdirilir və bu barədə 3 iş günü ərzində ərizəçiyə sifarişli məktubla bildiriş göndərilir və ya şəxsən ərizəçiyə imza etdirməklə təqdim olunur.

Maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilir:

- mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat;

- piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat.

- Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

“Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür. Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

Nazirlik maddi yardımın ödənilməsi ilə əlaqədar məlumatları mütəmadi olaraq rəsmi internet səhifəsində yerləşdirir. Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsində operativliyin təmin edilməsi və lazımı məlumatların alınması məqsədilə Nazirliyin 012-404-04-01 və ya 195-2 nömrəli qaynar xəttinə müraciət edə bilərlər. Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsindən imtinadan “İnzibati icraat haqqında” qanuna uyğun olaraq şikayət verə bilər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR