• İQTİSADİYYAT

    19:48 10 aprel 2019

Nazirlik: “Diqlas”dakı yanğından zərər çəkən daha 70 sahibkara yardım edilib

“Diqlas” ticarət mərkəzində yanğın zamanı zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

İqtisadiyyat Nazirliyindən ONA-ya verilən xəbərə görə, indiyədək 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 mln. 146 min manat ödənilməsi qərara alınıb. Aprelin 10-da daha 70 zərər çəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərər çəkmiş sahibkara 1 mln. 142 min manat məbləğində maddi yardım ödənilib.

Qeyd edək ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bununla yanaşı, aprelin 6-dan etibarən yanğın baş vermiş “Diqlas” ticarət mərkəzindən sahibkarların mallarının çıxarılması prosesi də davam etdirilir. İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. İndiyədək 175 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR