Martın 26-da Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək hərəkətə tətbiq edilən məhdudiyyət davam edir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir.
Bildirilir ki, Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. “Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhaliyə həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə olunur. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir”,- deyə məlumatda vurğulanır.