Azərbaycan Prezidentinin Bakı şəhəri, Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub.
İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, qəbul İşçi Qrupu tərəfindən ziyan dəymiş sahibkarların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda həyata keçirilir.
Bununla bağlı, martın 29-da 142 sahibkar fərdi qaydada qəbul edilib, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.
Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkar tərəfindən 4934 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb.
Eyni zamanda, qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.
Qəbulun 30-31 mart tarixlərində davam etdirilməsi və başa çatdırılması planlaşdırılır, nəticələri barədə əlavə məlumat veriləcək.