"Diqlas" Ticarət Mərkəzində yanğından zərər çəkmiş sahibkarların banklara olan borclarına Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə güzəştlər tətbiq olunacaq.
ABA-dan ONA-ya bildirilib ki, martın 26-da Bakının Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəyib.
"Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durdu, sahibkarlara dəstək oldu. Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirib, “Baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” 28 mart 2019-cu il tarixli və “Baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” 29 mart 2019-cu il tarixli Sərəncamlar imzalayıb.
Baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələləri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş iclasında müzakirə olunub.
Qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib", - deyə məlumatda bildirilir.