İşçi Qrupu tərəfindən 441 zərər çəkmiş sahibkar fərdi qaydada qəbul edilib Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu başa çatdırılıb.
ONA xəbər verir ki, 29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.
Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min m2 olan 680-yə yaxın ticarət obyekti təklif olunub. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min m2 olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb. Zərər çəkmiş sahibkarlar müraciət etdiyi halda, əlavə qəbul təşkil ediləcək.