Mart ayından aprelin 15-dək Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına yeni qaydalarla 506 kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı həyata keçirilib.
Kənd Təsərüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, satılmış texnikanın 411-i “Aqrolizinq” ASC-yə, 95 ədədi isə digər təchizatçılara məxsus olub. Ümumilikdə, 32 milyon manatlıq texnika satışına görə 12,8 milyon manat dövlət vəsaiti ayrılaraq subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib.
Bu müddət ərzində Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 8 milyon manat kredit verib.
Azərbaycan Prezidentinin 19 dekabr 2018-ci il Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Bu Fərmana qədər yalnız səhmləri dövlətə məxsus “Aqrolizinq” Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.
Qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikasının dəyərinin 40%-i, damazlıq heyvanın isə dəyərinin 60%-i məbləğində vəsaiti Aqrar Kredit və İnkişaf Agentliyi fermerin əvəzindən təchizatçıya ödəyir. Bundan başqa, texnika və heyvanın güzəştli kreditlə satışı zamanı kredit faizlərini də AKİA vətəndaşın əvəzindən ödəyir.