Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti sahəsində yeni səlahiyyətlər verilib.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında etdiyi dəyişiklikdə əksini tapıb.
Əsasnaməyə edilən dəyişikliyə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini və müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilib.
Qüvvədə olan Əsasnaməyə əsasən, Komitə bina, qurğu və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllərinin səviyyəsinin yüksəldilməsini təmin edib. Dəyişikliyə görə, bundan sonra Komitə bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etməklə bərabər, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirəcək.
Komitənin vəzifələri sırasına aşağıdakı vəzifələr daxil edilib:
- müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;
- yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;
- strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;
- tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;
- müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək.