Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin martın 31-nə investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 37,75% təşkil edib.
ONA ARDNF-ın 2019-cu ilin birinci rübün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 30,01%, Şimali Amerika 22,17%, Avstraliya-Yeni Zelandiya 2,35%, Yaxın Şərq 0,75%, Cənubi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,92% təşkil edib.
Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 66,25%, inkişaf etməkdə olan ölkələrin payı 26,83%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,92% olub.
Bundan başqa, hesabat dövründə ARDNF-ın investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 74%, səhmlər 13,4%, daşınmaz əmlak 5,2%, qızıl isə 7,4% təşkil edib.
Qeyd edək ki, ARDNF-ın cəmi investisiya portfeli 40 272,87 mln. manta çatıb.