• İQTİSADİYYAT

    16:54 29 aprel 2019

ARDNF qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 2,3 mlrd. manat ayırıb

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) ümumilikdə 2 322,4 mln. manat (31.03.2019 tarixinə) vəsait ayrılıb.

ONA-ya ARDNF-dan verilən məlumata görə, cari ilin birinci rübündə bu göstərici 19,7 mln. manat təşkil edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə ARDNF 2001-ci ildən başlayaraq vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Abşeron rayonu habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.

Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında Dövlət Neft Fondu tərəfindən adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamların icrasına uyğun olaraq 31.03.2019-cu il tarixinə 71 qəsəbə salınıb, 230 bina, 33 781 evlər/mənzillər, 65 inzibati bina, 77 məktəb, 62 uşaq bağçası, 5 xəstəxana və 19 tibb məntəqəsi tikilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR