Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) indiyədək (bu ilin iyun ayının 30-na olan göstərici) 154,6 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub
“APA-Economics"in məlumatına görə, bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.
Onun sözlərinə görə, ARDNF-a daxil olan 148,3 mlrd. dollar neft-qaz layihələrinin həyata keçirilməsindən əldə edilən vəsaitdir.
"Qalan 6,3 mlrd. dollar Fondda toplanan vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir", - deyə İ. Məmmədov əlavə edib.
Neft Fondunun rəsmisi onu da bildirib ki, ötən dövr ARDNF-in dövlətdaxili xərcləri 112 mlrd. dollara yaxın olub və bunun da 95,5 mlrd. dolları dövlət büdcəsinə edilən transferlərin payına düşüb.