“Bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olub. ONA-nın xəbərinə görə bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Komitə nümayəndələri ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətlərdən 17-si Komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib.
"Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib", - deyə R. Mahmud bildirib.
R. Mahmudun sözlərinə görə, sistemin əhəmiyyəti bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin əlavə vaxt itirilmədən daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır.
"Sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq, tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb", - deyə R. Mahmud əlavə edib.
Komitənin rəsmisi bildirilib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.
Həmçinin qeyd olunub ki, tikinti sahəsində biznes mühitinin əlverişliliyinin artırılması iqtisadi canlanmaya müsbət təsir göstərib, eləcə də bu sektor üzrə islahatları beynəlxalq təşkilatlar da yüksək qiymətləndiriblər: "Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb”.
R. Mahmud onu da bildirib ki, hazırda sözügedən elektron sistem yalnız Bakını əhatə edir, lakin, may ayından etibarən ölkənin digər regionlarında da tətbiq olunacaq.