Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı mart ayı ilə müqayisədə 55,5% artaraq 362 ədəd təşkil edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən ONA-ya verilən məlumata görə, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,1%-nə baxılıb və təmin edilib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 8 hesabat təqdim edilib.
Mərkəzdən verilən məlumata əsasən, cari ilin aprel ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 11 subdomen qeydiyyatdan keçib.
Ümumilikdə, cari ilin 4 ayının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1261 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 94,4%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 73 hesabat hazırlanmış və müvafiq strukturlara göndərilib. Yanvar-aprel ayları ərzində Azərbaycanın internet seqmentində 17 domen və 33 subdomen qeydiyyata alınıb.