• İQTİSADİYYAT

    15:20 27 mart 2019

Dövlət Turizm Agentliyi: Azərbaycanda turizm sənayesində elektron qaimə problemi həll olunub

Bu gün Dövlət Turizm Agentliyinin və Azərbaycan Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumat xarakterli tədbir keçirilib.

ONA xəbər verir ki, tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Təşkil edilmiş tədbirdə Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırıb, rəy və təklifləri dinlənilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılacaq Bələdçilər Assosiasiyasını nümunə göstərmək olar.

Aparat rəhbəri qeyd edib ki, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır.

“Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, - deyə K.Qasımov vurğulayıb.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemlər yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi.

Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb. Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər. Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergitutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR