Naxirlər Kabineti “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”ndə dəyişikliklər edib.
ONA-nın məlumatına görə, indiyə qədər müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank gününüdən gec olmamaq şərti ilə aparılmalı idi.
Dəyişikliyə əsasən bu müddət 30 bank günündən 15 bank gününə endirilib.
İndiyə qədər sifarişçi satın alınan işlərin yerinə yetirilməsi üçün İcraçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilərdi. Avansın alınması üçün İcraçı tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada Sifarişçiyə avans ödənişinin təminatını təqdim etməli idi. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalıb, onun məbləği isə görülən işlərin müqabilində azaldılıb. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün (avadaqlıqların, qurğuların, materialların və onların səfərbər edilməsi xərclərinin ödənilməsinə) istifadə edə bilərdi. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslanldırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməli idi. Dəyişikliyə əsasən bundan sonra Sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərin Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.
Digər yenilik odur ki, müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanacaq. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunacaq. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, submüqavilələrin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycanda qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.