Dövlət zəmanəti ilə alınan borclar üzrə Təminat Fondundan ödənilmiş vəsaitin qaytarılması nəzərdə tutulan (əsas borc) məbləği ümumilikdə 2018-ci il üzrə 295,5 mln. manat, 2019-cu il üzrə 388,6 mln. manat təşkil edir.
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu borcların əsas hissəsi “Azərbaycan Hava Yolları” QSC (AZAL), Dövlət Neft Şirkəti (SOCAR), “Azərkosmos” ASC, “Azərenerji” ASC, “Azəralüminium“ ASC və “Azərbaycan Dəmir Yolları” QSC üzrədir.
Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbiri nəticəsində müəyyən edilib ki, Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitləri hesabına yerinə yetirilmiş öhdəliklər üzrə ödənilmiş məbləğlərin Fonda bərpa edilməsi üzrə Maliyyə Nazirliyi ilə əsas borcalanlar arasında bağlanmış müqavilələr üzrə ödəniş qrafiklərinə əsasən, vaxtı çatmış, lakin ödənilməmiş məbləğlər 1 yanvar 2018-ci il tarixə qüvvədə olan 19 müqavilə üzrə 27 686,6 min ABŞ dolları, 157,5 min avro və 159 310,4 min manat, 1 iyul 2018-ci il tarixə qüvvədə olan 30 müqavilə üzrə isə 46 338,5 min ABŞ dolları, 5 188,2 min avro və 261 046,8 min manat təşkil edib.
Hesabat ilində isə Təminat Fonduna daxil olmuş vəsaitin 21 939,6 min manatının 11 974,5 min manatı dövlət zəmanətinin verilməsi üçün əsas borcalanlardan alınan birdəfəlik əvəzsiz haqq, 1 108,6 min manatı Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir, 8 856,5 min manatı isə təkrar borc sazişləri və faiz daxilolmalarından ibarət olub. Rəydə vurğulanıb ki, 2018-ci il üzrə hesablanmış və qaytarılmalı olan 295,5 mln. manat məbləğdən Təminat Fonduna cəmi 8,9 mln. manatın (3,8%) ödənilməsi müvafiq təşkilatların real maliyyə vəziyyətini nəzərə alaraq onlara dövlət zəmanətli kreditlərin verilməsi müvafiq xidmət xərclərinin gələcəkdə dövlət büdcəsi üçün böyük məbləğlərdə borc yükünün yaranması riskinin yaranması amilinin olduğunu göstərir.