Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər dövlət sektoruna aid edilib.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları"nı təsdiq edib. Bu qərarla dövriyyəsinin bir hissəsi dövlət büdcəsindən, digər hissəsi kənar fondların ayırdığı qrantlardan formalaşan təşkilatlar üçün vergi öhdəlikləri də müəyyənləşib. ONA Vergilər Nazirliyinə istinadən xəbər verir ki, vergi qanunvericiliyi üzrə ekspert, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev mövzunu şərh edərkən bildirib ki, Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları"nın 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılmış publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər dövlət sektoruna aid edilib: "Göründüyü kimi, təsdiq olunmuş meyarlarda hər hansı istisna hal müəyyən edilmədiyi üçün mülkiyyətin formasından asılı olmayaraq, hüquqi şəxs bütünlüklə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşirsə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində nəzərdə tutulmuş vergitutma forması həmin hüquqi şəxsin işçilərinin əməkhaqqına şamil edilməyəcək və ümumi qaydada Məcəllənin 101.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyi müəyyən edilməlidir".
Vergi güzəştlərinin KİV-lərə şamil olunub-olunmaması ilə bağlı məsələyə də aydınlıq gətirilib.
Hüquqşünas bildirib ki, bu meyarlar dövlət büdcəsindən maliyyələşən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsilə KİV-lərə ayrılan maliyyə vəsaitlərinin qeyri-dövlət təşkilatları üçün nəzərdə tutulmuş vergi güzəştlərinə nəzərən vergitutma formasını da müəyyən edir. Özəl sektorda əməkhaqqının 8.000 manatadək olan hissəsinə tətbiq edilən vergi güzəştlərinin belə KİV-lərə şamil olunub-olunmaması ilə bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanında "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında" Nizamnamənin tələbləri əsasında tənzimlənir: "Nizamnamənin 5-ci bəndi Fondun vəsaitlərinin formalaşma mənbələrini əks etdirir. Nizamnamənin 5.1.1-ci bəndinə əsasən, "Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar" Fondun maliyyələşmə mənbələrindən biridir. Fondun KİV-lərə ayırdığı maliyyə vəsaitləri göstərilən mənbə hesabına formalaşdığı halda, həmin KİV işçilərinin əməkhaqlarından tutulmalı gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydada deyil, ümumi qaydada - Məcəllənin 101.1-ci maddəsinə uyğun olaraq hesablanmalıdır. Bu isə o deməkdir ki, 8.000 manatadək aylıq əməkhaqqının 0 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunması həmin şəxslərə aid edilməyəcək".