Ötən il aşağı və orta gəlirli ölkələrə edilən pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb.
ONA-nın Dünya Bankının dərc etdiyi araşdırmaya istinadən verdiyi məlumata görə, miqrantlar tərəfindən aparılan pul köçürmələrinin həcmi ötən il 529 mlrd. ABŞ dolları səviyyəsində olub ki, bu da 2017-ci ilin göstəricisini (483 mlrd. dollar) 9,5% üstələyir.
Bu il pul köçürmələrinin həcmi 550 mlrd. dollara çatması gözlənilir ki, bu da aşağı və orta gəlirli ölkələr üçün ən böyük xarici maliyyələşmə mənbəyi olacaq.
Dünyada, o cümlədən yüksək gəlirli ölkələrə daxil olan pul köçürmələrinin ümumi məbləği 2018-ci ildə 689 mlrd. dollara çatıb. Bu göstərici 2017-ci ildə 633 mlrd. dollar təşkil edib.
Dünya Bankının tədqiqatında qeyd olunub ki, iqtisadi fəaliyyətdə davamlı artım pul köçürmələrinin əsas mənbəyi olan Polşa, Rusiya, İspaniya və ABŞ-dan edilən pul köçürmələrinin artmasına gətirib çıxarıb.
Bölgədəki köçürmələrin ən böyük alıcısı Ukraynadır. 2018-ci ildə bu ölkəyə edilən pul köçürmələrinin həcmi 2017-ci illə müqayisədə 19% artaraq rekord həddə - 14 mlrd. dollara çatıb.