Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənişi Məlumat Hesablama Mərkəzinin “SmartPay” ödəmə sistemi vasitəsilə də mümkün oldu. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, “SmartPay” ödəmə sisteminə həmçinin yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olar.
Qeyd edək ki, vətəndaşlar “SmartPay” ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər.
“SmartPay” 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.
Eyni zamanda, ödəmələri “smartpay.az” saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür.