• İQTİSADİYYAT

    14:35 30 may 2019

Əfqanıstan Azərbaycandan aldığı neft məhsullarının həcmini artırmaq niyyətindədir - MÜSAHİBƏ

Ötən həftə Azərbaycanda səfərdə olmuş Əfqanıstanın Neft və Qaz Tənzimləmə Qurumunun rəhbəri Valid Təmimin ONA-ya müsahibəsi

- Azərbaycana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

- Əslində Bakıya səfərim zamanı baş tutan görüşlər Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşünün bir növ məntiqi davamı idi. Ötən il prezidentlər iki dəfə görüşdü. Mənim Bakıya səfərimin əsas məqsədi iki ölkə arasında biznes və ticarətin həcminin qarşılıqlı olaraq artırılmasına nail olmaqdır. Beləliklə, məqsəd danışıqları davam etdirməkdir. Biz Əfqanıstanda müəyyən işləri tamamlamışıq və Azərbaycana xüsusilə neft və qaz sektoru ilə bağlı qarşılıqlı biznes və ticarət həcmini artıracaq yeni imkanlarla gəlmişik.

- SOCAR rəsmiləri ilə yüksək səviyyədə görüş keçirildi. Bu görüşdən və keçirilən müzakirələrdən konkret nəticələr gözləyə bilərikmi?

- Düşünürəm ki, bəli. Səmimi olaraq deyim ki, biz müsbət yanaşma gözləyirdik və bunun şahidi olduq. Daha əhatəli desək, biz hazırkı vəziyyəti qəbul edərək görünən və görünməyən imkanları dəyərləndirəcəyik. Yanacaq idxalının həcminin artırılması, xüsusilə Azərbaycan bazarından idxalla bağlı danışıqlar 3 ay əvvəldən başlayıb. Çünki biz Azərbaycandan idxal olunan təyyarə yanacağına xeyli tələbatın olduğunu müşahidə etdik. Biz eyni zamanda Azərbaycandan daha çox neft məhsullarının, o cümlədən dizel və neftin idxalına çalışırıq.

Yekun olaraq deyə bilərəm ki, belə bir imkan var və biz sadəcə bəzi kiçik məsələlər, xüsusilə də dövlət nəzarətində olan əfqan şirkətlərinin inzibati qeydiyyatı ilə bağlı məsələlər üzərində işləməliyik. Biznes imkanları ilə bağlı digər prosedurlar da mövcuddur ki, bunları problem adlandırmaq olmaz. Məsələn, SOCAR-ın Əfqanıstan üçün kvota sistemi yoxdur. Biz gözləyirdik ki, əgər onlar (SOCAR) Əfqanıstana müəyyən miqdarda ixrac üçün yanacaq nəzərdə tutsa, biz onu almaq üçün uyğun tərəfdaşlar axtarıb tapa və ya yerli bazarı üçün Əfqan hökuməti adından ala bilərik.

Müzakirələrdə bəzi detallar aydın oldu ki, Əfqanıstan üçün ayrıca kvota nəzərdə tutulmayıb və onu da qeyd etdilər ki, onlar planlaşdırılan yanacaq miqdarını Əfqanıstan bazarına ixrac etmək üçün yeni mexanizmlər üzərində işləməyə şad olarlar. Nəzərdə tutulan mexanizm kvota sistemi adlanmasa da, demək olar ki, onunla eynidir. Beləliklə, əsas prinsiplər razılaşdırıldı.

Düşünürük ki, neft və qaz bizim biznes və ticarət həcminin artımının gözlənilən səviyyəyə çatması üçün vacib elementlərdən biridir. Məsələn 2017-ci ildə ticarət dövriyyəsi ilə bağlı plan 150 milyon dollar idi, lakin biz ona çata bilmədik. 2018-ci ildə isə ticarət dövriyyəsi 72 milyon dollara yaxın olub. Deyə bilərəm ki, artım üçün potensial var və yanacaq ixracı bu istiqamətdə vacib rol oynaya bilər. Biz azərbaycanlı həmkarlarımızı əfqan bazarına rəqabətli bazar kimi baxmağa çağırırıq. Bizim qonşularımız İran və Türkmənistandır. Həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistan Əfqanıstanı yanacaqla təmin edə bilər. Bu ölkələr Əfqanıstana qonşu olmasalar da, lakin tarixən qonşu ölkələr kimi əməkdaşlıq etmişik.

Lakin bizim üçün mənbələri diversifikasiya etmək prioritetdir.

- İrana qarşı tətbiq olunan sanksiyalardan sonra bir çox ölkələr kimi Əfqanıstan da alternativ mənbələr axtara bilər. Belə olacaq halda Azərbaycan Əfqanıstanın yaxından əməkdaşlıq edəcəyi ölkə ola bilərmi?

- Siz haqlısınız. İran sanksiyalara məruz qalıb və Əfqanıstan ABŞ-ın qlobal strateji tərəfdaşlarından biridir. Lakin həmçinin bizim bölgədə öhdəlik müqavilələrimiz var. Biz İranın yaxın qonşusuyuq. Beynəlxalq qaydalara hörmətlə yanaşırıq, eləcə də onlar da bizim İranla ikitərəfli münasibətlərimizə hörmət edir. Xüsusilə İrana sanksiyanın tətbiq olunmaması ilə bağlı bizim bəzi xüsusi yanaşmalarımız var, eyni zamanda biz hadisələrin necə cərəyan edəcəyini izləyirik. İndiyə qədər biz sanksiyalardan yan qaçmışıq, amma Əfqanıstan bazarı üçün digər alternativləri nəzərdən keçiririk. Keyfiyyət, həcm və qiymətlər baxımından sərfəli mənbələr olarsa, biz yalnız İran və ya Türkmənistan mənbələrindən asılı qalmayacağıq. Hesab edirəm ki, Azərbaycan öz bazarını keyfiyyətli məhsula görə qazanır. Daşınma ilə bağlı əlavə xərcləri üzərinə götürəcək ölkədən qaneedici həcmdə yanacaq ixrac edə biləriksə, İranla qiymət baxımından razılaşma qənaətbəxş görünməyə bilər.

Azərbaycan digər ölkələrdən olan asılılığımızı azaltmaq istiqamətində diversifikasiya baxımından bir seçimdir.

Əsas məqsəd başqa tərəfdaş tapmaq deyil, amma alternativlər varsa, bu barədə düşünə bilərik.

- Əfqanıstan bəzi aşkar səbəblərə görə, xüsusilə də təhlükəsizlik məsələsinə görə iqtisadi çətinliklərlə üzləşir. Sualım ondan ibarətdir ki, Əfqanıstan hökuməti ölkədə biznes üçün təhlükəsiz mühit yaratmaq və daha çox xarici investisiyanı ölkəyə cəlb etmək istiqamətində nə kimi siyasət həyata keçirir?

- Təəssüf ki, Əfqanıstan son iki onillikdə məcburi müharibə yaşadı. Qoyulan investisiyalarla bağlı bəzi narahatlıqlar var idi, lakin digər tərəfdən baxdıqda belə bir mühit sərmayədarlar üçün geniş imkanlar açır və qoyulan investisiyaları daha gəlirli edir. İnvestisiya qoyuluşunda riskə gedilsə, gəlir götürmək mümkündür. Çünki ölkə yavaş-yavaş rifaha doğru irəliləyir.

Onilliklərlə davam edən müharibədən və qarışıqlıqdan sonra bizim mərkəzi hökumətimiz və ədalətli seçki sistemimiz formalaşıb. Ölkədə heç bir dövlət çevrilişi, hakimiyyət dəyişikliyi yoxdur, demokratik qurumlar, məhkəmə sistemi mövcuddur. Beləliklə, institutlar getdikcə formalaşır. Eyni zamanda çox müasir və bazaryönümlü dövlət siyasəti yürüdülür, qanun və tənzimləmə nəticəsində rəqabətli mühit yaradılıb. İstənilən qədər investisiya yatırmaq və gəlir götürmək mümkündür. İnvestisiya qanunumuz çox azad və liberaldır. Yüz faiz paya sahib olmaq mümkündür. Eyni zamanda torpaq və mülklər almaq üçün imkanlar var. Biznes qurmaq üçün investorlara zəruri xidmətləri göstərmək üçün ölkəmizdə ASAN Xidmətə bənzər sistem qurmuşuq. Müşahidə edirik ki, əvvəlki illərlə müqayisədə ölkədə daha yaxşı iş görmək imkanları yaranıb. Biz tədricən azad bazar sisteminə keçirik və xarici sərmayələri cəlb edirik.

Mən Azərbaycan investorlarını bu imkanlara diqqət yetirməyə çağırıram. Siz yalnız sərmayə qoymayacaqsınız, həm də sivilizasiyaya töhfə verirsiniz. Mən əminəm ki, mədəniyyət baxımından biz çox da fərqli deyilik. Biz azərbaycanlıların beynəlxalq mediada dərc olunan təhlükəsizliklə bağlı bəzi xəbərlərdən narahat olacağını düşünmürük.

Qeyd etmək istəyirəm ki, Herat, Məzari-Şərif, Qəndahar kimi böyük şəhərlər sərmayə üçün açıqdır və bu şəhərlərdə müxtəlif ölkələrdən xeyli investor var. Böyük şəhərlərdə təhlükə yoxdur və bu şəhərlər investisiya üçün açıqdır. Düşünürəm ki, siz "ilk gələn qazanır" prinsipinin verdiyi üstünlükdən istifadə etməlisiniz.

- Bu səfərdən sonra Azərbaycan tərəfdən də Əfqanıstana səfərlər olacaqmı?

-Hesab edirəm ki, biz yenidən Azərbaycana səfər edəcəyik, çünki yanacağa ehtiyacımız var. Həm də Əfqanıstanda neft ehtiyatlarının tədqiqi kimi bəzi böyük tenderlər üzərində işləyəcəyik. Türkmənistan və İran sərhədində olan bir sıra ərazilər, həmçinin Heytan hövzəsi, Əfqan-Tacik hövzəsi araşdırılır. Tezliklə bu sahələr tenderə açıq elan ediləcək. Hesab edirəm ki, kəşfiyyat təcrübəsinə malik olan SOCAR əməkdaşlıq üçün dəvət olunacaq qurumlar arasında ilk sırada olacaq. Ümid edirəm ki, onlar bu fürsətdən istifadə edib yalnız neft deyil, həmçinin öz texnologiyasını ixrac edəcək və investisiyaları artırmaq üçün də bu fürsətdən istifadə ediləcək.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR