Mayın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Əfqanıstan və Azərbaycan arasında uzunmüddətli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə etmişlər. Son illərdə Azərbaycanın neft məhsullarının Əfqanıstanın yanacaq bazarına idxal olunduğu bildirilib, dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı ilə bağlı məlumat vermiş, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını və SOCAR-ın Əfqanıstana idxal etdiyi neft məhsullarının çeşidinin, eləcə də həcminin artırılması ilə bağlı təkliflə çıxış edib.
Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan artıq ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.