Qısa müddət ərzində Azərbaycanda ekspertizası tələb olunan tikinti obyektlərinə tikintiyə icazə verilməsi üzrə müraciətlər "Bir pəncərə" prinsipi ilə qəbul olunacaq.
ONA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Komitə nümayəndələri ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda “Bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə müraciət qəbul olunur.
"Bu sistem bəzi tikililərə, yəni, Tikinti Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq, ekspertizası tələb olunmayan obyektlərə şamil olunur. Lakin, Komitənin qarşısında duran hədəflərdən biri də qısa müddət ərzində bütün tikinti obyektlərinə, tikinti icazələrinə bu sistemin tətbiq olunmasıdır. Yəni, ekspertizadan keçməli olacaq obyektlərin də yaxın zamanlarda bu sistemdən istifadə etməyə imkanı olacaq”, - deyə R. Mahmud bildirib.